
Ağdam rayonunda yetkinlik yaşına çatmayan məktəbli qızın itkin düşməsi ilə bağlı müraciət daxil olub.
Qanuntv.az xəbər verir ki, rayon sakini iyunun 9-da polisə müraciət edərək azyaşlı qız övladının itkin düşdüyünü bildirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin regional qrupundan verilən məlumata görə, həyata keçirilən axtarış tədbirləri nəticəsində yeniyetmənin olduğu yer müəyyən edilib. Onun Bərdə rayonu ərazisində olduğu aşkarlanıb.
Məlumata əsasən, azyaşlı polis orqanına gətirilərək ailəsinə təhvil verilib.
Qeyd edək ki, hadisə Ağdam rayonunun Əhmədağalı kəndində qeydə alınıb. Bildirilir ki, Müşfiq Hüseynov adına Əhmədağalı kənd tam orta məktəbinin 10-cu sinif şagirdi Lamiyə Səxavət qızı Muradlı tanışı olan Bərdə rayon sakininə qoşularaq yaşadığı evi tərk edib.
Məlumata görə, yeniyetmənin hadisədən cəmi üç gün əvvəl 15 yaşı tamam olub.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.





