
Azərbaycan Yazıçılar Birliyinə (AYB) üzv olmaq istəyənlərin müraciətlərinə 2027-ci ilə qədər baxılmayacaq.
Bu barədə AYB-nin əməkdaşı Xəyal Rza məlumat verib. Onun sözlərinə görə, sözügedən qərar qurumun qəbul komissiyası tərəfindən qəbul olunub.
Bildirilib ki, üzvlük haqqını uzun müddət ödəməyən şair və yazıçıların birlikdən xaric edilməsindən sonra ödənişlərdə canlanma müşahidə olunur.
“Üzvlük haqqı ildə bir dəfə ödənilir. Biz üzvlərdən gecikdirilmiş ödənişlərin edilməsini tələb edirdik”, – deyə Xəyal Rza qeyd edib.
AYB təmsilçisi vurğulayıb ki, birliyə üzvlük üçün edilən müraciətlərə yalnız növbəti qurultaydan sonra baxılacaq. Onun sözlərinə görə, qurultayın 2027-ci ilin payızında keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, bir müddət əvvəl AYB illik üzvlük haqqını ödəməyən bir qrup şair və yazıçının qurumdan xaric edilməsi barədə qərar qəbul edib. Hazırda AYB-də illik üzvlük haqqı 15 manat təşkil edir.
Qanuntv.az





