
Gəncədə orta məktəbin qarşısında baş verən qətl hadisəsi ilə bağlı məhkəmə prosesi başa çatıb.
QanunTV.az xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən adam öldürməkdə təqsirləndirilən Fərid Şabanovun cinayət işi üzrə hökm elan olunub.
Məhkəmənin qərarı ilə F.Şabanov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, hadisə 2024-cü il yanvarın 23-də Gəncə şəhərində yerləşən M.P.Vaqif adına 8 nömrəli tam orta məktəbin qarşısında baş verib. Belə ki, Fərid Şabanov həmin məktəbin şagirdi Raul Rəhimovla mübahisə edib. Mübahisə davaya çevrilib və F.Şabanov üzərində gəzdirdiyi “beşbarmaq” və bıçaqla R.Rəhimova zərbələr endirib.
Ağır xəsarətlərlə xəstəxanaya yerləşdirilən Raul Rəhimov həkimlərin müdaxiləsinə baxmayaraq dünyasını dəyişib.
Qeyd edək ki, Raul Rəhimov məktəbin 11-ci sinif şagirdi olub.
Hadisədən sonra polis əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində Fərid Şabanov saxlanılaraq istintaqa təhvil verilib.





