
Almaniyanın "Borussiya Dortmund" klubunun hücumçusu Kərim Adeyemi karyerasını İspaniya nəhəngi "Barselona"da davam etdirəcək.
Qanuntv.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin rəsmi saytında məlumat yayılıb.
Bildirilib ki, "Barselona" 24 yaşlı hücumçu ilə 2031-ci ilin yayına qədər qüvvədə olacaq uzunmüddətli müqavilə imzalayıb.
Klubun rəsmi açıqlamasında qeyd olunub ki, Münhendə Nigeriya və Rumıniya əsilli ailədə dünyaya gələn Kərim Adeyemi komandaya sürətli, dinamik və çoxşaxəli hücum imkanları qazandıracaq. Futbolçunun həm sağ və sol cinahlarda, həm də mərkəz hücumçusu mövqeyində uğurla çıxış etməsi onun əsas üstünlüklərindən biri kimi qiymətləndirilib. Açıqlamada Adeyeminin yüksək sürəti, texniki bacarığı və güclü sol ayağı xüsusi vurğulanıb.
24 yaşlı futbolçu ötən mövsüm Almaniya Bundesliqasında "Borussiya Dortmund"un heyətində 28 oyuna çıxaraq 7 qola imza atıb və 4 məhsuldar ötürmə edib. UEFA Çempionlar Liqasının Liqa mərhələsində isə 9 matçda iştirak edən hücumçu 3 qol vurub, 2 məhsuldar ötürmə ilə komandasının uğurlarına töhfə verib.
"Barselona" rəhbərliyi Adeyeminin transferinin komandanın hücum xəttini daha da gücləndirəcəyinə inanır və futbolçunun yeni mövsümdə vacib rollardan birini oynayacağı gözlənilir.





