
Bakı Ağır Cinayətlər Məhkəməsində davam etdirilən məhkəmə prosesində dövlət ittihamçısı Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin rəhbəri Anar Məmmədliyə 14 il, onunla birlikdə ittiham olunan Anar Abdullayevə isə 13 il müddətinə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini istəyib.
Məhkəmə baxışı zamanı istintaqın yekunlaşdığı elan olunub və proses tərəflərin çıxışları ilə davam edib. Dövlət ittihamçısı çıxışında hər iki təqsirləndirilən şəxs barəsində göstərilən müddətlərdə həbs cəzası verilməsini məhkəmədən xahiş edib.
Məhkəmə prosesinin növbəti iclası avqustun 7-nə təyin edilib.
Qeyd edək ki, Anar Məmmədli 2024-cü ilin aprel ayında saxlanılıb və barəsində həbs qətimkan tədbiri seçilib. İş üzrə digər təqsirləndirilən şəxs Anar Abdullayev isə 2024-cü il aprelin 8-də təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində polisin nəzarətinə vermə qətimkan tədbiri seçilib.
İttihama əsasən, onlar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 192.3.2 (qanunsuz sahibkarlıq), 193-1.3.1 və 193-1.3.2 (cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması), 206.4 (qaçaqmalçılıq), 213.2.1 (vergilərin və məcburi sığorta ödənişlərinin ödənilməsindən yayınma), həmçinin 320.1 və 320.2-ci (rəsmi sənədlərin saxtalaşdırılması və onlardan istifadə) maddələri ilə ittiham olunurlar.
Təqsirləndirilən şəxslər irəli sürülən ittihamları qəbul etmirlər. Onların təqsirli olub-olmaması barədə yekun qərar məhkəmə hökmü ilə müəyyən ediləcək.





