
Azərbaycanda fəaliyyətinə xitam verilmiş 19 bankda ümumilikdə 2 milyard 364 milyon 255 min manat həcmində əmanət yerləşdirilib.
Bu barədə Əmanətlərin Sığortalanması Fondunun Maliyyə departamentinin direktor müavini Aygün Balıyeva Şamaxıda keçirilən "Milli Mətbuat Günü: dialoq və əməkdaşlıq forumu"nda məlumat verib.
Onun sözlərinə görə, ləğv olunan banklarda ümumilikdə 651 min 768 əmanətçi qeydə alınıb. Həmin əmanətçilərdən 63 min 888 nəfərinə kompensasiya ödənişi həyata keçirilib.
Aygün Balıyeva bildirib ki, banklardakı əmanətlərin 1 milyard 761 milyon 564 min manatı qorunan əmanətlər olub. Bu məbləğin 1 milyard 729 milyon 887 min manatı əmanətçilərə ödənilib ki, bu da qorunan əmanətlərin 98 faizini təşkil edir.
O qeyd edib ki, əmanətçilərin ümumi sayının yüksək görünməsinə baxmayaraq, ödəniş alanların sayının nisbətən az olmasının əsas səbəbi 518 minə yaxın əmanətçinin hesabında cəmi 1 manat və ya daha az məbləğin olmasıdır.





