
Şirvan Apellyasiya Məhkəməsində qəsdən sağlamlığa yüngül zərər vurmada təqsirləndirilən şəxslə bağlı cinayət işi üzrə qərar elan edilib.
Qanuntv.az xəbər verir ki, hakim Yaşar Həşimovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya şikayəti təmin edilməyib, Salyan Rayon Məhkəməsinin hökmü ləğv olunub. Tərəflər barışdığı üçün təqsirləndirilən şəxs barəsində cinayət təqibinə xitam verilib və o, cinayət məsuliyyətindən azad olunub.
İş materiallarına görə, hadisə 2026-cı ildə Salyan şəhərinin M.Dadaşov küçəsində yerləşən fərdi yaşayış evinin qarşısında baş verib.
Belə ki, zərərçəkmiş şəxs təqsirləndirilənin həyat yoldaşını işlədiyi mağazadan avtomobillə yaşadığı ünvana gətirib. Təqsirləndirilən isə əvvəllər sürücüdən qadını evlərinin qarşısında deyil, yaxınlıqdakı şadlıq sarayının yanında düşürməsini xahiş edib. Onun fikrincə, qadının hər dəfə avtomobildən evin qarşısında enməsi ətrafda əsassız söz-söhbətlərə səbəb ola bilərdi.
Hadisə günü qadının yenidən evinin qarşısında düşürülməsi tərəflər arasında mübahisəyə səbəb olub. Mübahisə qısa müddətdə əlbəyaxa davaya çevrilib və təqsirləndirilən şəxs zərərçəkmişə yumruq zərbəsi endirib.
Məhkəmə-tibbi ekspertizasının rəyinə əsasən, zərərçəkmişin burnunda şişkinlik və qançır, sol gözaltı nahiyəsində qançır, həmçinin burun sümüyünün sınığı aşkarlanıb. Xəsarətlər sağlamlığın qısa müddətə pozulmasına səbəb olan yüngül dərəcəli bədən xəsarəti kimi qiymətləndirilib.
Məhkəmə tərəflərin barışmasını nəzərə alaraq cinayət təqibinə xitam verilməsi barədə qərar qəbul edib.





