
İtaliyanın Baş naziri Corcia (Giorgia) Meloni Avropanı Rusiya ilə birbaşa dialoqu yenidən başlatmağa çağırıb. O, bildirib ki, mövcud geosiyasi vəziyyətdə Moskva ilə danışıqların bərpası artıq zəruri mərhələyə çatıb.
Qanuntv.az xəbər verir ki, Meloni bu fikirləri yanvarın 9-da Romada keçirilən illik mətbuat konfransında səsləndirib. Baş nazirin sözlərinə görə, Avropa Ukraynadakı münaqişənin həlli və regionda uzunmüddətli sabitliyin təmin olunması üçün diplomatik kanalları açıq saxlamalıdır.
“Artıq zamandır. Avropa indi prezident Putinlə dialoqu bərpa etməlidir. Biz Rusiya ilə danışıqlara başlamalıyıq. Bu indi vacibdir”, – deyə Meloni vurğulayıb.
İtaliya hökumətinin başçısı qeyd edib ki, Avropa İttifaqı bu məsələdə vahid mövqedən çıxış etməli və Rusiya ilə mümkün təmasları koordinasiyalı şəkildə aparmalıdır. Onun fikrincə, yalnız bir tərəflə danışmaq Avropanın danışıqlardakı təsir imkanlarını zəiflədir.
Eyni zamanda Meloni bildirib ki, Rusiya ilə münasibətlərin normallaşması G7 formatına qayıdış demək deyil və bu mövzu hazırda gündəmdə deyil. O, həmçinin İtaliyanın Ukraynaya hərbi kontingent göndərmək niyyətində olmadığını da açıqlayıb.
Qeyd edək ki, Avropa İttifaqı ilə Rusiya arasında yüksək səviyyəli siyasi dialoq 2022-ci ildən etibarən faktiki olaraq dayandırılıb. Meloninin açıqlamaları isə Aİ daxilində bu məsələyə dair müzakirələrin yenidən aktuallaşmasına səbəb olub.





