
Rusiya ilə İran arasında hava hücumundan müdafiə məqsədilə müasir və daşınabilən raketlərin alınması üçün 500 milyon avro dəyərində məxfi müqavilə imzalanıb.
Bu barədə Financial Times mənbələrə istinadən məlumat yayıb. Bildirilib ki, razılaşma ötən ilin dekabr ayında Rusiyanın dövlətə məxsus silah ixracatçısı Rosoboroneksport, Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi və İran Silahlı Qüvvələrinin Logistika Agentliyi arasında bağlanıb.
Müqaviləyə əsasən, Rusiya üç il ərzində İrana 500 ədəd “Verba” daşınabilən zenit-raket kompleksi və 2 500 ədəd “9M336” tipli raket tədarük etməyi öhdəsinə götürüb. Çatdırılmaların 2027–2029-cu illər ərzində üç mərhələdə həyata keçirilməsi planlaşdırılır.
Qeyd edək ki, “Verba” kompleksi aşağı hündürlükdə uçan hədəflərə, o cümlədən pilotsuz uçuş aparatları və helikopterlərə qarşı istifadə üçün nəzərdə tutulub və müasir infraqırmızı tuşlama sistemi ilə təchiz edilib.





