
İranın bir sıra şəhərlərində hərbi obyektlərə qarşı hava hücumları həyata keçirildiyi barədə məlumatlar yayılıb.
Qanuntv.az xəbər verir ki, hücumların paytaxt Tehran, eləcə də Əhvaz, Kərəc, Şəhriyar, Qum və Bəndər Abbas şəhərlərində yerləşən hərbi obyektləri hədəf aldığı bildirilir. İlkin məlumatlara görə, bir neçə bölgədə güclü partlayış səsləri eşidilib və bəzi obyektlərə zərər dəyib.
Bəzi mənbələrin iddiasına görə, zərbələr əsasən raket və silah istehsalı ilə əlaqəli hərbi infrastruktur və hava hücumundan müdafiə sistemlərinə yönəlib. Yerli media paytaxt Tehranın müxtəlif hissələrində partlayış səslərinin eşidildiyini və hərbi obyektlər ətrafında yanğınların baş verdiyini yazır.
Hadisə ilə bağlı İran rəsmiləri hələlik geniş açıqlama verməyib. Ölən və yaralananlar barədə də rəsmi məlumat açıqlanmayıb.
Qeyd edək ki, son günlər Yaxın Şərqdə gərginlik artmaqda davam edir və regionda hərbi əməliyyatların genişlənə biləcəyi ilə bağlı narahatlıqlar artır.








