
Fransada qeydə alınan inanılmaz tibbi hadisə həm həkimləri, həm də ictimaiyyəti heyrətə gətirib.
Qanuntv.az xəbər verir ki, Bretan bölgəsində yaşayan 62 yaşlı Didye adlı şəxs ürək çatışmazlığı səbəbilə Renn Universitet Xəstəxanasına yerləşdirilib.
Məlumata görə, tibb işçiləri tərəfindən təxminən 40 dəqiqə davam edən reanimasiya tədbirlərinə baxmayaraq, xəstənin həyatını xilas etmək mümkün olmayıb və onun öldüyü rəsmən açıqlanıb. Bu barədə yaxınlarına da məlumat verilib.
Lakin hadisədən üç saat sonra klinika əməkdaşları xəstənin yenidən nəbzinin vurduğunu müəyyən ediblər.
Dərhal reanimasiya şöbəsinə yerləşdirilən pasiyent bir neçə günlük intensiv müalicədən sonra tam stabilləşib. Həkimlərin bildirdiyinə görə, onun nitqində və hərəkət qabiliyyətində ciddi pozuntu müşahidə olunmayıb.
Mütəxəssislər bu nadir hadisənin “Lazar fenomeni” adlanan, ürək fəaliyyətinin reanimasiya dayandırıldıqdan sonra öz-özünə bərpası ilə əlaqəli ola biləcəyini bildirirlər.
Pasiyent isə yaşadıqlarını “həyatda ikinci şans” kimi qiymətləndirib.





