
ABŞ Prezidenti Donald Trump İranın əlində qalan raket potensialını tamamilə məhv etmək istədiyini açıqlayıb.
Qanuntv.az xəbər verir ki, bu barədə ABŞ lideri West Palm Beach şəhərində jurnalistlərlə söhbəti zamanı danışıb.
“Bəli, mən bunu məhv etmək istərdim”, – deyə Tramp İranın raket texnikası istehsalı üzrə qalan imkanları ilə bağlı sualı cavablandırarkən bildirib.
Ağ Evin iddialarına görə, ABŞ və İsrailin endirdiyi zərbələr nəticəsində Tehranın bu sahədəki potensialının cəmi 15 faizi qalıb.
Tramp eyni zamanda İrana qarşı hərbi əməliyyatların yenidən başlanması ehtimalını da istisna etməyib. ABŞ prezidentindən mümkün yeni zərbələrlə bağlı sual verildikdə isə o, konkret cavab verməkdən yayınıb.
“Mən bu barədə jurnalistlərə açıqlama verə bilmərəm. Əgər onlar qeyri-münasib şəkildə hərəkət etməyə davam etsələr, pis bir addım atsalar, baxarıq. Lakin bu, şübhəsiz ki, baş verə biləcək variantdır”, – deyə o əlavə edib.





