
Ölkə ərazisində piyadaların iştirakı ilə baş verən yol-nəqliyyat hadisələrinin sayı artmaqdadır.
Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) yaydığı məlumata görə, son iki gün ərzində müxtəlif ərazilərdə qeydə alınan yol qəzaları zamanı 6 piyada avtomobillərin vurması nəticəsində xəsarət alıb.
Hadisələr nəticəsində 4 nəfər həyatını itirib, digər 2 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
BDYPİ sürücüləri yol hərəkəti qaydalarına ciddi riayət etməyə, xüsusilə yaşayış məntəqələrində və piyada keçidlərinin yaxınlığında diqqətli olmağa çağırıb. Eyni zamanda piyadalara da hərəkət zamanı təhlükəsizlik qaydalarına əməl etmələri tövsiyə olunub.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.





