
Bakının Nəsimi rayonunda, A.S.Puşkin küçəsində yolun bir hissəsində çökmə qeydə alınıb.
Hadisə Səməd Vurğun abidəsinin qarşısı, Dilarə Əliyeva küçəsi ilə kəsişməyə yaxın ərazidə baş verib. Nəticədə yol örtüyündə böyük çuxur yaranıb.
Ərazi dərhal hasara alınıb və təhlükəsizlik məqsədilə hərəkət məhdudlaşdırılıb. Bildirilir ki, əraziyə müvafiq qurumların əməkdaşları cəlb olunub və təmir-bərpa işlərinə başlanılması nəzərdə tutulur.
İlkin məlumatlara görə, hadisənin səbəbi yol örtüyündə texniki nasazlıq və ya kommunikasiya xətlərində yaranmış problem ola bilər.
İşlər Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tərəfindən nəzarətə götürülüb.





