
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 21-də İordaniya Haşimilər Krallığı Nümayəndələr Palatasının sədri Mazen Torki Saud Əl-Qadinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
Qanuntv.az xəbər verir ki, görüşdə Azərbaycanla İordaniya arasında mövcud olan dostluq və qardaşlıq münasibətləri, əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.
Dövlət başçısı ölkələrimiz arasında əlaqələrin qarşılıqlı dəstək və hörmət prinsipləri əsasında qurulduğunu bildirib. Prezident İlham Əliyev siyasi, iqtisadi, humanitar və parlamentlərarası münasibətlər daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın bundan sonra da genişlənəcəyinə əminliyini ifadə edib.
Görüşdə İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərinin Parlament İttifaqı Konfransının Bakıda keçiriləcək 20-ci Sessiyasında Mazen Torki Saud Əl-Qadinin iştirakının əhəmiyyəti vurğulanıb.
Qonaq İordaniya Kralı II Abdullah ibn Al Hüseynin salamlarını Azərbaycan Prezidentinə çatdırıb. İlham Əliyev salamları məmnunluqla qəbul edib və öz salamlarını İordaniya Kralına çatdırmağı xahiş edib.
Mazen Torki Saud Əl-Qadi Azərbaycan-İordaniya münasibətlərinin uğurla inkişaf etdiyini qeyd edib, ölkələr arasında əlaqələrin möhkəmlənməsində dövlət rəhbərlərinin siyasi iradəsinin mühüm rol oynadığını bildirib.
Görüş zamanı həmçinin Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası, Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən quruculuq işləri, eləcə də İslam həmrəyliyi və Fələstin məsələsi ilə bağlı fikir mübadiləsi aparılıb.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.












