
Malayziya hökuməti 2014-cü ildə itkin düşən "Malaysia Airlines" şirkətinə məxsus MH370 aviareysinin qalıqlarının tapılması üçün aparılan sualtı axtarışların davam etdirilməsi barədə qərar qəbul edib.
Məlumata görə, Malayziya "Ocean Infinity" şirkəti ilə bağlanmış axtarış müqaviləsinin müddətini 30 iyun 2027-ci ilədək uzadıb.
Malayziyanın nəqliyyat naziri Entoni Loke Sieu Fuk bildirib ki, müqavilənin əsas şərtləri dəyişməz qalır. Şərtlərə əsasən, "nəticə yoxdursa, ödəniş də yoxdur" prinsipi qüvvədə saxlanılır. Təyyarənin qalıqları aşkar ediləcəyi təqdirdə şirkət 70 milyon dollar məbləğində mükafat əldə edəcək.
Nazirin sözlərinə görə, müqavilənin uzadılması "Ocean Infinity" şirkətinə 7 428,54 kvadrat kilometr ərazidən ibarət axtarış zonasının qalan hissəsini araşdırmağa imkan verəcək.
Qeyd edək ki, "Malaysia Airlines"a məxsus "Boeing 777-200" sərnişin təyyarəsi 2014-cü il martın 8-nə keçən gecə Kuala-Lumpurdan Pekinə uçarkən radarlardan itib. Təyyarədə 12 heyət üzvü və 227 sərnişin olmaqla, ümumilikdə 239 nəfər olub.
2015-ci ilin yanvarında Malayziya hökuməti təyyarənin qəzaya uğradığını və göyərtədə olan bütün şəxslərin həlak olduğunu rəsmən açıqlayıb. Lakin aradan illər keçməsinə baxmayaraq, təyyarənin əsas qalıqları hələ də tapılmayıb.





