
Azərbaycanlı gəmi kapitanı Litvada vəfat edib.
Qanuntv.az xəbər verir ki, 52 yaşlı Elşən Nadir oğlu Əhmədov Türkiyə bayrağı altında üzən yük gəmisinin kapitanı olub.
Məlumata görə, o, Misir istiqamətində səfərdə olarkən atası Nadir Əhmədovun vəfatı xəbərini alıb. Həmin vaxt gəmi Baltik dənizində hərəkətdə olub və sonradan Litva sahillərinə yan alıb.
Atasının dəfn mərasimində iştirak etmək məqsədilə Azərbaycana qayıtmağa hazırlaşan kapitan göyərtəni tərk etdikdən sonra qəfil halı pisləşib. Dərhal hadisə yerinə təcili tibbi yardım briqadası çağırılsa da, həkimlər onun həyatını xilas edə bilməyiblər.
Hazırda Elşən Əhmədovun meyiti Litvadakı morqlardan birində saxlanılır. Onun cənazəsinin Azərbaycana gətirilməsi istiqamətində müvafiq tədbirlərin görüldüyü bildirilir.
Qeyd edək ki, mərhum Bakı şəhərinin Qaradağ rayonunun Sahil qəsəbəsində yaşayırdı. Bu kədərli hadisə ailəsi və yaxınları tərəfindən dərin hüznlə qarşılanıb.





