
ABŞ Prezidenti Donald Tramp administrasiyası xarici terrorçu kimi tanınan şəxslərin ölkədən çıxarılması məqsədilə indiyədək tətbiq olunmamış hüquqi mexanizmdən istifadə edib.
Qanuntv.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, hakim Coan Eriksenin qərarında bildirilir ki, 2026-cı il iyulun 15-də ABŞ qanunvericiliyinin 8-ci bölməsinin 1531-ci paraqrafına əsasən, xarici terrorçuların deportasiyası ilə məşğul olan ixtisaslaşmış məhkəməyə ilk müraciət daxil olub. Müraciətdə adı açıqlanmayan xarici vətəndaşın ABŞ-dən deportasiya edilməsi tələb olunur.
İyulun 18-də məsələ ilə bağlı məhkəmə iclası keçirilib. Araşdırmanın detalları ictimaiyyətə açıqlanmasa da, yayımlanan sənədlərdə işin məxfi status daşıdığı qeyd olunub.
Qeyd edək ki, xarici terrorçuların deportasiyası üzrə ixtisaslaşmış məhkəmə 1996-cı ildə ABŞ Konqresi tərəfindən yaradılıb. Məhkəmə xarici vətəndaşların "xarici terrorçu" kateqoriyasına aid edilməsinə əsaslanaraq onların ölkədən çıxarılıb-çıxarılmaması ilə bağlı qərar vermək səlahiyyətinə malikdir.
Maraqlıdır ki, 2026-cı ilin iyul ayınadək bu məhkəmə fəaliyyət göstərməsinə baxmayaraq, indiyədək heç bir işə baxmamışdı. Son müraciət həmin məhkəmənin tarixində ilk iş kimi qeydə alınıb.





