
Qəsdən adam öldürməkdə təqsirləndirilən Təbriz Həsənovun kassasiya şikayəti üzrə Ali Məhkəmədə keçirilən məhkəmə prosesi yekunlaşıb.
Qanuntv.az xəbər verir ki, hakim Ələsgər Novruzovun sədrliyi ilə keçirilən iclasda kassasiya şikayəti qismən təmin edilib.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Təbriz Həsənovun Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla qəsdən adam öldürmə) maddəsi ilə məhkum edilməsinə dair Bakı Apellyasiya Məhkəməsinin qərarı dəyişdirilib. Onun əməli Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif olunub və barəsində 14 il müddətinə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
İttihama görə, hadisə 2024-cü il oktyabrın 14-də Bakının Yasamal rayonu ərazisində baş verib. Əvvəllər məhkum olunmuş Təbriz Həsənov tanışı, 1987-ci il təvəllüdlü Azər İbrahimovu bıçaqlayaraq qətlə yetirib. Cinayətdən sonra hadisə yerindən qaçarkən naməlum avtomobilin vurması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
İstintaq materiallarına əsasən, hadisəyə tərəflər arasında yaranmış mübahisə və şəxsi ədavət səbəb olub. Bildirilir ki, zərərçəkmiş və digər şəxslərlə yaşanan münaqişədən sonra Təbriz Həsənov Azər İbrahimovu görüşə çağırıb və aralarında baş verən mübahisə zamanı ona çoxsaylı bıçaq zərbələri endirib. Məhkəmə-tibbi ekspertizasının rəyinə görə, Azər İbrahimovun bədənində 7 bıçaq yarası aşkarlanıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin əvvəlki hökmü ilə Təbriz Həsənov 18 il müddətinə azadlıqdan məhrum edilmişdi. Bakı Apellyasiya Məhkəməsi həmin hökmü qüvvədə saxlamışdı.
Təbriz Həsənov bundan əvvəl də qəsdən adam öldürmə cinayətinə görə məhkum olunmuş, 2022-ci ildə cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azadlığa buraxılmışdı.





