
Qazaxıstanın paytaxtı Astanada ilk dəfə pilotsuz aerotaksinin nümayiş uçuşu uğurla həyata keçirilib. Sınaq uçuşu şəhər hava mobilliyi texnologiyalarının inkişafı istiqamətində mühüm addım kimi qiymətləndirilir.
Tədbir Qazaxıstanın "Alatau Advance Air Group" və Çinin "AutoFlight" şirkətlərinin birgə təşkilatçılığı ilə baş tutub. "AutoFlight Prosperity" modelinə məxsus aerotaksi şaquli qalxma və enmə həyata keçirərək təxminən 10 dəqiqə ərzində 2,4 kilometr məsafə qət edib və iki dövrə vurub. Təhlükəsizlik məqsədilə uçuş zamanı göyərtədə sərnişin və ya pilot olmayıb, aparat əvvəlcədən proqramlaşdırılmış marşrut üzrə tam avtomatik rejimdə idarə olunub.
Məlumata görə, "AutoFlight Prosperity" modeli bir pilot və beş sərnişin üçün nəzərdə tutulub. Aerotaksi 13 elektrik mühərriki ilə təchiz edilib, saatda 200 kilometrədək sürət yığa bilir və tam enerji doldurulduqdan sonra 200 kilometrədək məsafə qət etmək imkanına malikdir.
Bildirilib ki, aerotaksi iyulun 29–30-da Astanada keçiriləcək "Gələcəyin Oyunları" tədbirində də nümayiş etdiriləcək. Qazaxıstan şəhər hava mobilliyi layihələrinin inkişafı çərçivəsində bu texnologiyanın tətbiq imkanlarını genişləndirməyi planlaşdırır.





