
İran ABŞ-nin hərbi əməliyyatları davam etdirməsi halında münaqişənin coğrafiyasını genişləndirəcəyini bəyan edib.
Bu barədə İran ordusunun rəsmi nümayəndəsi Məhəmməd Əkrəminiya CNN telekanalına açıqlamasında bildirib.
Onun sözlərinə görə, Vaşinqton yenidən İsrailin iddialarına əsaslanaraq hərbi əməliyyatları, xüsusilə də hava hücumlarını davam etdirmək qərarına gəlsə, bunun nəticələri daha genişmiqyaslı olacaq.
"Əgər amerikalılar yenidən İsrailin yalanlarına inansalar və ya onların yolu ilə gedərək müharibənin, xüsusilə də hava hücumlarının davam etdirilməsində israr etsələr, münaqişənin coğrafiyası əvvəlkindən də geniş olacaq", – deyə Əkrəminiya vurğulayıb.
İranlı rəsmi əlavə edib ki, Tehran münaqişənin gedişinə və yekun nəticələrinə həlledici təsir göstərə biləcək yeni hərbi strategiyalar tətbiq etməyə hazırdır.
Qeyd edək ki, son dövrlərdə Yaxın Şərqdə gərginliyin artması fonunda İran və ABŞ arasında qarşılıqlı sərt bəyanatlar davam edir. Ekspertlər regionda vəziyyətin daha da mürəkkəbləşə biləcəyi ehtimalını istisna etmirlər.





