Ermənistan hökuməti istefaya gedir – Paşinyan açıqladı

Ermənistanın Nazirlər Kabineti yeni parlamentin fəaliyyətə başlamasından əvvəl istefa verəcək.
Qanuntv.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında açıqlayıb.
Paşinyan bildirib ki, yeni çağırış parlamentin formalaşması ilə əlaqədar hazırkı hökumətin son iclası keçirilib.
“9-cu çağırış parlamentin qurulması ilə əlaqədar olaraq, bu, bizim sonuncu görüşümüzdür”, – deyə Ermənistan hökumətinin başçısı qeyd edib.
Ermənistan Konstitusiyasına əsasən, yeni parlamentin fəaliyyətə başlaması ilə hökumət istefa verməlidir. Bundan sonra prezident parlament çoxluğunun təqdim etdiyi namizədi baş nazir vəzifəsinə təyin edir.
Məlumata görə, Ermənistanın 9-cu çağırış Parlamenti avqustun 2-dən fəaliyyətə başlayacaq. Yeni hökumətin tərkibi isə parlamentdəki siyasi çoxluğun müəyyənləşdirəcəyi prosedurlar əsasında formalaşdırılacaq.
Hazırda hökumətin yeni tərkibinin necə olacağı və mövcud kabinetdə hansı dəyişikliklərin ediləcəyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.