
“Qəbələ” və “Neftçi”nin sabiq baş məşqçisi Roman Qriqorçukun yeni iş yeri müəyyənləşmək üzrədir.
QanunTV.az xəbər verir ki, QOL.az-ın Sport.ua nəşrinə istinadən yaydığı məlumata görə, ukraynalı mütəxəssis ölkəsinin “Çernomorets” klubunun baş məşqçisi postuna ən real namizəddir.
Keçid baş tutacağı təqdirdə, bu, 60 yaşlı çalışdırıcının Odessa təmsilçisinə üçüncü təyinatı olacaq. Qriqorçuk daha əvvəl 2010–2014-cü illərdə və 2021-ci ildə “Çernomorets”ə rəhbərlik edib.
Məlumata görə, Roman Qriqorçuk “Çernomorets”də Stepan Matviyev, Mixail Savka və Andrey Qluşenkodan ibarət məşqçilər heyəti ilə çalışacaq. O, dekabrın 25-də istefaya göndərilən Aleksandr Kuçeri əvəzləyəcək.
Qeyd edək ki, Roman Qriqorçuk Azərbaycanda “Qəbələ” və “Neftçi” klublarının da baş məşqçisi olub. O, 2015–2018-ci illərdə “Qəbələ”ni çalışdırıb, 2024-cü ilin iyun ayından oktyabr ayına qədər isə “Neftçi”yə rəhbərlik edib. Qriqorçukun “Neftçi”dəki fəaliyyəti cəmi 9 oyun davam edib və komanda bu görüşlərin heç birində qələbə qazana bilməyib.





