
Avropa İttifaqı Ukraynadakı müharibədə iştirak etmiş Rusiya vətəndaşlarının Şengen məkanına girişinə qadağa tətbiq etməyi nəzərdən keçirir.
Qanuntv.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas açıqlama verib.
“Avropa Komissiyasında biz Ukraynadakı müharibədə iştirak etmiş yüz minlərlə keçmiş Rusiya hərbçisinin Şengen zonasına daxil olmasının qarşısını almaq üzərində işləyirik”, – deyə o bildirib.
Kallasın sözlərinə görə, məsələ Avropa təhlükəsizliyi baxımından ciddi əhəmiyyət daşıyır və üzv ölkələrlə müzakirələr davam etdirilir. Bildirilib ki, mümkün qərar həm viza mexanizmləri, həm də sərhəd nəzarət prosedurları çərçivəsində həyata keçirilə bilər.
Qeyd edək ki, Rusiya-Ukrayna müharibəsinin davam etdiyi şəraitdə Aİ indiyədək Moskvaya qarşı bir sıra sanksiya paketləri qəbul edib və təhlükəsizlik tədbirlərini gücləndirib.





