
Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası Yaxın Şərqdə gərginliyin artması fonunda İranın region ölkələrinə hücumlarını pisləyən və bu hücumların dərhal dayandırılmasını tələb edən qətnamə qəbul edib.
Qətnamədə İranın Bəhreyn, Küveyt, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İordaniyaya qarşı həyata keçirdiyi raket və pilotsuz uçuş aparatları ilə hücumlar qətiyyətlə pislənir. Sənəddə Tehrandan bu cür hücumları və region dövlətlərinə qarşı bütün təhdidləri dərhal dayandırmaq tələb olunur.
Qətnamə həmçinin İranın beynəlxalq hüquq və humanitar hüquq çərçivəsində üzərinə düşən öhdəliklərə əməl etməli olduğunu vurğulayır və regionda sabitliyin qorunmasının vacibliyini qeyd edir.
Sənəd Yaxın Şərqdə gərginliyin artdığı bir vaxtda qəbul olunub. Son günlər İranın raket və pilotsuz aparatlarla Körfəz bölgəsində müxtəlif hədəflərə zərbələr endirdiyi barədə məlumatlar yayılıb.
İranın BMT-dəki nümayəndəsi isə qətnaməni tənqid edərək onu “siyasi motivli və qərəzli sənəd” adlandırıb.





