
Gəncə Şəhər Məhkəməsində son qəbul imtahanlarında qanunsuz texniki vasitələrdən istifadə halları ilə bağlı cinayət işi üzrə təqsirləndirilən təhsil eksperti Kamran Əsədov və tarix müəllimi Gündüz Abbasov barəsində növbəti məhkəmə prosesi keçirilib.
Qanuntv.az Teleqraf-a istinadən xəbər verir ki, hakim Elçin Məmmədovun sədrliyi ilə keçirilən iclasda Kamran Əsədov yenidən məhkəməyə müraciət edərək ev dustaqlığına buraxılmasını xahiş edib. O, səhhətində ciddi problemlərin yarandığını, saxlanma şəraitinin onu qane etmədiyini və həyatının təhlükədə olduğunu bildirib.
Əsədov həmçinin azyaşlı övladının autizm xəstəsi olduğunu qeyd edib. Onun vəkilləri də oxşar məzmunlu çıxış edərək, məhkəmə prosesi başa çatana qədər təqsirləndirilənin ev dustaqlığına buraxılmasını istəyiblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.
Daha sonra prosesdə şahidlərin dindirilməsinə başlanılıb. Kamran Əsədov növbəti vəsatətlə çıxış edərək şahidlərin cavab kartlarının qrafik təsvirlərini tələb edib. Lakin Dövlət İmtahan Mərkəzinin nümayəndəsi abituriyentlərin şəxsi məlumatlarının yayılmasının yolverilməz olduğunu bildirib.
Məhkəmə prosesi davam etdirilmək üçün növbəti iclas 9 aprel saat 15:00-a təyin olunub.




