
Quba rayonunda aptekə silahlı basqın edən şəxsə məhkəmə hökmü elan edilib.
Qanuntv.az xəbər verir ki, hadisə rayonun Xucbala kənd sakini, 1961-ci il təvəllüdlü Şabəddin İmanquliyev tərəfindən törədilib.
Məlumata görə, o, əvvəlcə xəstəliyi ilə əlaqədar xəstəxanaya gedərək resept alıb. Daha sonra təsadüfən rastlaşdığı traktorçunun nəqliyyat vasitəsini icazəsiz götürərək rayon mərkəzi istiqamətində hərəkət edib. Polis əməkdaşları tərəfindən saxlanılmaq istənilsə də, o, tələblərə tabe olmayaraq qaçıb.
Bir müddət gizləndikdən sonra Şabəddin İmanquliyev aptekə daxil olaraq resept üzrə dərmanları tələb edib. Aptekdə çalışan Rima Mərdanova dərmanları təqdim etsə də, o, ödəniş etməkdən imtina edib. Pul tələb olunarkən isə üzərində gəzdirdiyi bıçaqla aptek əməkdaşına hücum edib.
Hadisə zamanı aptekin rəhbəri müdaxilə etsə də, təqsirləndirilən şəxs onu da bıçaqla hədələyib. Daha sonra hadisə yerinə gələn polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı cinayət işi başlanılıb və iş məhkəməyə göndərilib. Məhkəmənin hökmü ilə Şabəddin İmanquliyev 4 il 2 ay müddətinə azadlıqdan məhrum edilib.





