
Ağsu rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Dilman kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, BYD markalı minik avtomobili hərəkətdə olarkən idarəetmədən çıxaraq yol kənarındakı beton maneəyə çırpılıb. Daha sonra avtomobil körpüdən Ağsu çayına aşıb.
Qəza nəticəsində 1999-cu il təvəllüdlü Kamran Cəfərov və 2004-cü il təvəllüdlü Səid Qasımov hadisə yerində həyatını itirib.
Avtomobildə olan digər sərnişinlər — 2005-ci il təvəllüdlü İsmayıl Baxışov və 2006-cı il təvəllüdlü Şahvələd Şəfaqətov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdiriliblər.
TƏBİB-in yaydığı məlumata görə, yaralılar mayın 26-da saat 03:20-də Şamaxı Rayon Mərkəzi Xəstəxanasının Təcili yardım şöbəsinə hospitalizasiya olunublar.
Onlara baş beynin silkələnməsi və baş nahiyəsinin açıq yaraları diaqnozu qoyulub.
Hazırda yaralıların müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir. Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.
Məlumata görə, qəzaya düşən gənclər əslən Ağsu rayonundan olsalar da, Bakıda yaşayırdılar. Onlar istirahət məqsədilə rayona gəlib, gecə saatlarında Kalva kəndindən Şamaxı istiqamətinə hərəkət edərkən faciəvi qəza baş verib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.





