
Ağdam rayonunda mağazaya ildırım düşməsi nəticəsində yanğın baş verib.
Hadisə iyunun 14-də səhər saatlarında rayonun Qaradağlı kəndində qeydə alınıb. Məlumata görə, ildırım kənd sakini Fikrət İbadovun mülkiyyətində olan mağazaya düşüb və nəticədə yanğın başlayıb.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları, eləcə də xüsusi texnika cəlb olunub. Görülən operativ tədbirlər nəticəsində alovun yaxınlıqdakı yaşayış evinə keçməsinin qarşısı alınıb.
Hazırda yanğının tam söndürülməsi və ərazidə təhlükəsizlik tədbirlərinin təmin olunması istiqamətində işlər davam etdirilir.




