
Şamaxıda son günlər müşahidə olunan intensiv yağışlar və sel suları Qonaqkənd avtomobil yolunda ciddi fəsadlara səbəb olub.
QanunTV.az xəbər verir ki, yolun iki müxtəlif hissəsində torpaq sürüşməsi aktivləşib və nəticədə asfalt örtüyü dağılıb.
Sürüşmə nəticəsində yolun bir hissəsi uçaraq yararsız vəziyyətə düşüb. Sürücülər hərəkət üçün alternativ və daha çətin yollardan istifadə etməyə məcbur qalıblar.
Yerli sakinlər bildiriblər ki, yolun vəziyyəti onların gündəlik həyatına ciddi təsir göstərir. Sürücülər həm vaxt itkisi, həm də avtomobillərin təmiri ilə bağlı əlavə xərclərlə üzləşdiklərini qeyd ediblər.
Məsələ ilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) 19 nömrəli Yol İstismar İdarəsindən bildirilib ki, əraziyə baxış keçirilib və qüsur aktı hazırlanıb.
Qeyd olunub ki, yolun tam bərpası üçün maliyyə vəsaitinin ayrılması gözlənilir. Hazırda ərazi nəzarətdə saxlanılır, təmir-bərpa işləri aparılır və yolun istifadəyə yararlı olduğu bildirilib.





