
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
Qanuntv.az xəbər verir ki, qəza iyulun 12-də saat 05:15 radələrində yolun Hacıqabul rayonunun Muğan qəsəbəsindən keçən 132-ci kilometrliyində qeydə alınıb.
Baş Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Elvin Hacıyevin verdiyi məlumata görə, Ramil Bilal oğlu Albışovun idarə etdiyi "Yutong" markalı, 77-JY-406 dövlət qeydiyyat nişanlı sərnişin avtobusu əvvəlcə yolun sol kənarındakı beton maneəyə çırpılıb, daha sonra sürücünün idarəetməni itirməsi nəticəsində aşıb.
İlkin məlumata əsasən, qəza nəticəsində avtobusda olan 28 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar əraziyə cəlb olunan təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanalara yerləşdiriliblər.
Hadisənin başvermə səbəbi ilə bağlı daşıyıcı şirkətin rəhbəri Pərviz Davudov açıqlama verib. Onun sözlərinə görə, qəza avtobusun qarşısına qəfil heyvan çıxması səbəbindən baş verib.
Şirkət rəhbəri bildirib ki, avtobus reysə çıxmazdan əvvəl texniki və tibbi baxışdan keçirilib:
"Avtobus 2026-cı il istehsalıdır. Nəqliyyat vasitəsinin sərnişin tutumu 51 nəfərdir. Hadisə zamanı avtobusda 38 sərnişin olub. Sürücünün yorğun olması ilə bağlı hər hansı hal qeydə alınmayıb", - deyə o qeyd edib.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
Qanuntv.az





