
Çində keçirilən toy mərasimi xoş anlarla deyil, ağır faciə ilə yadda qalıb. Şənlik zamanı baş verən bədbəxt hadisə nəticəsində gəlinin rəfiqəsi ağır xəsarət alaraq əlil qalıb.
Hadisə Henan əyalətində qeydə alınıb. Məlumata görə, gənc qadın yaxın rəfiqəsinin toyunda gəlinin rəfiqəsi kimi iştirak edirdi.
Toy zamanı qonaqlardan biri fərqli əyləncə təşkil etməyi təklif edib. Belə ki, onlar mələfədən istifadə edərək qadını havaya atmağa qərar veriblər. İlk cəhd problemsiz başa çatsa da, ikinci dəfə qadın havaya qaldırıldıqdan sonra onu tutmaq mümkün olmayıb.
Nəticədə o, sərt şəkildə yerə çırpılıb və ağır xəsarətlər alıb. Zərərçəkən dərhal xəstəxanaya çatdırılıb. Həkimlərin müayinəsi zamanı onun bel fəqərəsinin sındığı müəyyən edilib.
Daha sonra keçirilən məhkəmə-tibbi ekspertizası nəticəsində qadına rəsmi əlillik dərəcəsi təyin olunub.
Baş verən hadisədən sonra zərərçəkən bəy, gəlin və daha doqquz nəfər qonaq barəsində məhkəməyə müraciət edib. O, təqsirləndirilən şəxslərdən ümumilikdə 40 min ABŞ dolları məbləğində təzminat tələb edib.
Məhkəmə araşdırması zamanı müəyyən edilib ki, toyun əsas təşkilatçıları olan bəy və gəlin təhlükəli əyləncədən xəbərdar olsalar da, onun qarşısını almaq üçün heç bir tədbir görməyiblər. Bu səbəbdən onların da hadisəyə görə hüquqi məsuliyyət daşıdığı qərara alınıb.
Bundan əlavə, qadının mələfədə havaya atılması ideyasını irəli sürən şəxs baş verən ağır nəticəyə görə əsas məsul şəxslərdən biri kimi tanınıb.
Hadisə ictimaiyyətdə geniş müzakirələrə səbəb olub və təhlükəli "əyləncə"lərin ağır nəticələr doğura biləcəyi bir daha gündəmə gətirilib.





