
Türkiyənin bir sıra bölgələrində meşə yanğınları ilə mübarizə davam edir.
Qanuntv.az xəbər verir ki, xüsusilə Antalya və Muğla vilayətlərində baş verən yanğınlar küləyin təsiri ilə genişlənib və ərazilərdə ciddi təhlükə yaradıb. Türkiyənin müxtəlif bölgələrində ümumilikdə 9 vilayətdə meşə yanğınlarının qeydə alındığı bildirilib.
Antalyanın Kaş rayonunun Üzümlü məhəlləsində meşəlik ərazidə başlayan yanğının söndürülməsi üçün havadan və qurudan genişmiqyaslı müdaxilə həyata keçirilir. Ərazinin relyefinin sıldırım və qayalı olması yanğınsöndürənlərin işini çətinləşdirir. Yanğına 3 təyyarə, 8 helikopter və çoxsaylı texnika cəlb olunub.
Muğlanın Seydikemer rayonunda da vəziyyət gərgin olaraq qalır. Yanğınla əlaqədar təhlükəsizlik məqsədilə yaşayış məntəqələrindən insanlar təxliyə edilib. Son məlumatlara görə, bölgədə 43 evdən 65 nəfər təxliyə olunub, həmçinin Seydikemer Dövlət Xəstəxanasının bəzi şöbələri ehtiyat tədbiri olaraq boşaldılıb.
Yanğınların qarşısının alınması məqsədilə Türkiyənin aidiyyəti qurumları tərəfindən havadan və qurudan müdaxilə davam etdirilir. Antalya və Muğlada alovun yaratdığı mənzərələr bölgədə vəziyyətin ciddiliyini göstərir.
Hadisə yerindən dəhşətli görüntüləri təqdim edirik.
Qanuntv.az





