Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən keçiriləcək İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün müsahibə avqust ayının 2-dən etibarən başlayacaq.
Bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Qeyd edək ki, Azərbaycanda İslam dininə aid ibadət yerlərində (məscidlər) vakant vəzifələrin tutulması üçün bu il 24 may - 24 iyun tarixlərində sənəd qəbulu aparılıb. 39 vakant vəzifənin tutulması üçün 270 namizədin sənədi qeydə alınıb.
Müsahibə Azərbaycan İlahiyyat İnstitutunun binasında (Bakı şəhəri, Məhəmməd Naxçıvani 29) təşkil ediləcək. Qeydiyyatdan keçmiş hər bir namizədə müsahibənin keçiriləcəyi gün və saat haqqında fərdi qaydada məlumat veriləcək.
Müsahibə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin yaratdığı komissiya tərəfindən aparılır. Hər bir namizəddən ona bildirilmiş vaxtda müsahibə keçiriləcək ünvana gəlməsi xahiş olunur.