
Azərbaycan Prezidenti İlham Əliyev və İran Prezidenti Məsud Pezeşkian arasında 2026-cı il martın 8-də baş tutmuş telefon danışığından sonra qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının qarşılanmasına dəstək məqsədilə İrana humanitar yardım göndərilib.
Məlumata görə, Azərbaycan Prezidentinin tapşırığına uyğun olaraq Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən avtomobillərlə İrana yola salınan humanitar yardımın tərkibinə müxtəlif ərzaq və tibbi vasitələr daxildir.
Humanitar yardım karvanına 10 ton un, 6 ton düyü, 2,4 ton şəkər, 4 tondan artıq içməli su, 600 kiloqrama yaxın çay, eləcə də 2 tona yaxın dərman və tibbi ləvazimatlar daxil edilib.
Qeyd edək ki, yardımın göndərilməsi iki ölkə arasında mövcud olan dostluq və humanitar əməkdaşlıq münasibətlərinin göstəricisi kimi qiymətləndirilir.





