
İlham Əliyev Naxçıvan Muxtar Respublikası Konstitusiyasında dəyişikliklərin təsdiq edilməsi haqqında Konstitusiya qanununu imzalayıb.
Qanuna əsasən, muxtar respublikanın Konstitusiyasının preambulasında və bir sıra maddələrində dəyişikliklər edilib, həmçinin yeni maddələr əlavə olunub. Dəyişikliklərə görə, Naxçıvanın Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olması müddəası Konstitusiyada daha aydın şəkildə əksini tapıb.
Bununla yanaşı, sənədə “Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəliyi” ilə bağlı yeni maddə də əlavə edilib. Həmin maddəyə əsasən, muxtar respublika ərazisində Prezidentin səlahiyyətli nümayəndəliyi fəaliyyət göstərəcək və quruma Prezident tərəfindən təyin edilən nümayəndə rəhbərlik edəcək.
Qanun imzalandığı gündən qüvvəyə minib.





