
Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmətə qəbul üzrə müsabiqənin keçirilməsi və müraciətçilərin sənədlərinin yoxlanılması qaydalarını təsdiq edən fərman imzalayıb.
Fərmana əsasən, diplomatik xidmətə qəbul ədalətlilik və şəffaflıq prinsipləri əsasında həyata keçiriləcək. Müsabiqə yazılı imtahan və müsahibə mərhələlərindən ibarət olacaq; yazılı imtahanı Dövlət İmtahan Mərkəzi, müsahibəni isə Xarici İşlər Nazirliyi təşkil edəcək.
Sənəddə həmçinin müraciət edən şəxslərin sənədlərinin müsahibədən əvvəl yoxlanılması qaydaları təsdiqlənib. Müsabiqə müxtəlif ixtisas qrupları üzrə – humanitar və sosial, iqtisadiyyat və idarəetmə, dövlət təhlükəsizliyi və sərhəd idarəetməsi sahələrində keçiriləcək.
Nazirlər Kabinetinə isə fərmandan irəli gələn məsələləri həyata keçirmək tapşırılıb.





