
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda hotellərdən birində keçirilən Ağ Ev Müxbirləri Assosiasiyasının qəbulunda baş verən təhlükəsizlik insidentindən sonra təxliyə edilib.
Qanuntv.az xəbər verir ki, bu barədə C-SPAN telekanalı məlumat yayıb.
Yayımlanan görüntülərdə zalda yüksək səslərin eşidildiyi, bundan sonra isə çaxnaşma yarandığı görünür. ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidentlə yanaşı, birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və Ağ Evin Mətbuat katibini sürətlə zaldan çıxarıblar.
“Axios” portalının müxbiri Barak Ravid “X” sosial şəbəkəsində bildirib ki, tədbirdən qısa müddət əvvəl zalda silah səsləri eşidilib.
Sonradan atışmanın tədbirin keçirildiyi hotelin foyesində baş verdiyi qeyd olunub. Keytlin Kollins CNN-in efirində silahlı şəxsin zərərsizləşdirildiyini açıqlayıb.
Eyni zamanda, Ağ Evin Mətbuat xidmətinin əməkdaşları ABŞ Məxfi Xidmətinə istinadən hücumçunun tutulduğunu bildiriblər. Hadisə ilə bağlı rəsmi məlumatlarda ziddiyyət qalmaqdadır.





