
ABŞ Prezidenti Donald Tramp Ağ Ev Müxbirləri Assosiasiyasının “Washington Hilton” hotelində keçirilən qəbulu zamanı baş verən atışma ilə bağlı şübhəli bilinən şəxsin foto və videolarını “Truth Social” platformasında paylaşıb.
Qanuntv.az xəbər verir ki, yayımlanan görüntülərdə əlləri arxadan qandallanmış vəziyyətdə yerdə uzanan kişi əks olunub.
Prezident hadisə anını əks etdirən müşahidə kamerası görüntülərini də paylaşıb. Videoda silahlı şəxsin təhlükəsizlik məntəqəsindən keçməyə çalışdığı, daha sonra təhlükəsizlik əməkdaşlarının ona atəş açdığı görünür.
“New York Post” qəzetinin jurnalisti Kerol Markoviç bildirib ki, şübhəli Kaliforniyanın Torrans şəhərindən olan 31 yaşlı Koul Tomas Allendir. Onun saxlanıldığı qeyd olunur.
Xatırladaq ki, baş verən təhlükəsizlik insidentindən sonra Prezident Donald Tramp Vaşinqtonda keçirilən tədbirdən təxliyə edilib. Hadisə zamanı zalda əvvəlcə yüksək səslər, daha sonra isə atəş səsləri eşidilib və çaxnaşma yaranıb.
ABŞ Məxfi Xidmətinin əməkdaşları prezidentlə yanaşı, birinci xanım Melaniya Tramp, vitse-prezident Cey Di Vens və Ağ Evin mətbuat katibini təhlükəsiz əraziyə çıxarıblar.





