
Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) hava hücumundan müdafiə qüvvələri İran istiqamətindən buraxıldığı iddia edilən bir sıra hava hədəflərinin qarşısını alıb.
Qanuntv.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi məlumat yayıb. Bildirilib ki, ümumilikdə 12 ballistik raket, 3 qanadlı raket və 4 pilotsuz uçuş aparatı (PUA) havada məhv edilib. Nazirliyin açıqlamasına görə, HHM sistemləri bütün hədəfləri uğurla zərərsizləşdirərək mümkün təhlükənin qarşısını alıb.
Bundan əvvəl isə ölkənin Əl-Füceyrə əmirliyində yerləşən neft sənayesi kompleksinə PUA hücumu nəticəsində 3 Hindistan vətəndaşı xəsarət alıb. Rəsmi məlumata görə, orta ağır bədən xəsarətləri alan şəxslər xəstəxanaya yerləşdirilib.
Hadisə nəticəsində kompleks ərazisində güclü yanğın baş verib və mülki müdafiə qüvvələri alovun söndürülməsinə cəlb olunub.
Eyni zamanda, BƏƏ sahillərinə yaxın ərazidə bir gəmidə də yanğın qeydə alınıb. Böyük Britaniyanın Dəniz Ticarət Daşımalarının Koordinasiyası Mərkəzi (UKMTO) hadisəni şübhəli fəaliyyət kimi qiymətləndirib. Bildirilib ki, gəmi heyəti digər su nəqliyyatı vasitələrindən təhlükəsiz məsafə saxlamalarını istəyib. Hadisənin səbəbləri araşdırılır, ekoloji fəsadlar barədə isə hələlik məlumat yoxdur.
Qeyd edək ki, BƏƏ hərbçiləri daha əvvəl İran tərəfindən 4 qanadlı raketin buraxıldığını qeydə aldıqlarını açıqlamışdı. Onlardan 3-ü ərazi suları üzərində zərərsizləşdirilib, biri isə dənizə düşüb.
İran tərəfi isə ittihamları rədd edərək BƏƏ-yə qarşı hər hansı hücum həyata keçirmədiyini bildirib.





