
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində dənizdə batan dörd nəfərlə bağlı axtarış-xilasetmə əməliyyatları davam edir.
Hadisə nəticəsində dənizə girən dörd dostdan üçünün meyiti Fövqəladə Hallar Nazirliyinin (FHN) dalğıc-xilasediciləri tərəfindən tapılıb.
Axtarışlar zamanı 1991-ci il təvəllüdlü Namiq İsabala oğlu Əzimovun, 2005-ci il təvəllüdlü Elnur İsa oğlu Əbdülovun və 2007-ci il təvəllüdlü Elmar İsa oğlu Əbdülovun meyitləri sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Hazırda dənizdə batan 2003-cü il təvəllüdlü Pərviz Zöhrab oğlu Məcidovun axtarışları davam etdirilir.
Məlumata görə, dörd dost hava şəraitinin küləkli və dənizin dalğalı olmasına baxmayaraq, nəzarətsiz ərazidən suya daxil olublar. Bir müddət sonra onların hamısı suda batıb.
FHN-in məlumatına görə, hadisə ən yaxın xilasetmə məntəqəsindən təxminən 3 kilometr aralıda, nəzarətsiz ərazidə baş verib.
Qurum vətəndaşları küləkli hava şəraitində, dalğalı dənizdə və nəzarətsiz çimərliklərdə suya girməməyə, yalnız xilasedicilərin nəzarət etdiyi ərazilərdən istifadə etməyə çağırıb.





