
2026/27 mövsümü üçün heyətini gücləndirən “Qarabağ” futbol klubu növbəti transferini açıqlayıb.
QanunTV.az xəbər verir ki, Ağdam təmsilçisi Rusiyanın “Pari Nijni Novqorod” klubu ilə danışıqları uğurla yekunlaşdıraraq yamaykalı futbolçu Renaldo Sefası heyətinə qatıb.
26 yaşlı futbolçu ilə 2029-cu ilin yayına qədər qüvvədə olacaq üçillik müqavilə imzalanıb. Cinah vingeri və mərkəz hücumçusu mövqelərində çıxış edən Sefas qarşıdakı mövsümlərdə “Qarabağ”ın uğurları üçün mübarizə aparacaq.
Renaldo Sefas karyerası ərzində Yamaykanın “Arnett Qardens”, Şimali Makedoniyanın “Şkupi”, Türkiyənin “Ankaragücü” və Rusiyanın “Pari Nijni Novqorod” klublarında çıxış edib.
2023-cü ildən Yamayka milli komandasının üzvü olan futbolçu 21 oyunda 1 qol vurub. O, 2024-cü ildə KONKAKAF Millətlər Liqasının bürünc mükafatını qazanıb.
Qeyd edək ki, Renaldo Sefas “Qarabağ”ın yay transfer pəncərəsində altıncı transferidir. Bundan əvvəl Jali Muaddib, Zakaria Savo, Samuel Lobato, Bruno Lanqa və Martin Zlomisliç Ağdam klubuna qoşulublar.





