
Bakının Yasamal rayonunda yaşayış evində partlayış baş verib.
Qanuntv.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə Bakı şəhəri, Yasamal rayonu, Ümid Ələkbərov küçəsində yerləşən ikimərtəbəli yaşayış evində qeydə alınıb. Məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub.
İlkin qiymətləndirmə zamanı yaşayış evinin birinci mərtəbəsində yanğınla müşayiət olunan partlayışın baş verdiyi müəyyən edilib. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alovun geniş əraziyə yayılmasının qarşısı alınıb və yanğın qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində ayrı-ayrı vətəndaşlara məxsus, ümumi sahəsi 250 kvadratmetr olan evin birinci mərtəbəsində yerləşən iki otağın yanar konstruksiyaları 50 kvadratmetr sahədə yanıb.
Partlayış zamanı 3 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Həmçinin xilasedicilər tərəfindən 2010-cu il təvəllüdlü bir şəxsin meyiti dağıntılar altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Faktla bağlı aidiyyəti dövlət qurumları tərəfindən araşdırma aparılır.





