
Şotlandiyanın "Seltik" klubu "Qarabağ"ın hücumçusu Kamilo Duranın transferini yaxın günlərdə rəsmiləşdirməyə hazırlaşır.
Qanuntv.az xəbər verir ki, bu barədə Qaynarinfo məlumat yayıb.
Məlumata görə, kolumbiyalı futbolçunun menecerləri hazırda Şotlandiyadadır və tərəflər müqavilənin yekun detalları üzərində danışıqları davam etdirirlər.
İddialara əsasən, "Seltik" transfer üçün təxminən 3 milyon funt sterlinq (6,8 milyon manat) ödəməyə hazırdır.
Transferin baş tutacağı təqdirdə, Kamilo Duran bu yay Şotlandiya klubunun heyətinə qatdığı ikinci futbolçu olacaq. Komandanın bu yay ilk transferi təcrübəli yarımmüdafiəçi Aleks Oksleyd-Çemberlend olub.
Qeyd edək ki, Ağdam təmsilçisi 24 yaşlı forvardı ötən ilin yayında Portuqaliyanın "Portimonense" klubundan 200 min funt sterlinqdən aşağı məbləğə transfer etmişdi.
Kamilo Duran ötən mövsüm UEFA Çempionlar Liqasında keçirdiyi 10 oyunda 5 qol vuraraq Avropa klublarının diqqətini cəlb edib. Transferin reallaşacağı halda, "Qarabağ" futbolçunun satışından təxminən 15 dəfə artıq gəlir əldə etmiş olacaq.





