
Şəmkir rayonunun Dəllər Cəyir kənd 2 saylı uşaq bağçasında yaranmış vəziyyətlə bağlı səsləndirilən iddialar ciddi ictimai narahatlıq yaradır. Bildirilir ki, müəssisənin direktoru Rəsmirə xanım mütəmadi olaraq iş yerində olmur və rəhbərlik funksiyalarını lazımi səviyyədə icra etmir.
Əgər bu iddialar doğrudursa, məsələ təkcə əmək intizamının pozulması ilə məhdudlaşmır. Söhbət azyaşlı uşaqların təlim-tərbiyə aldığı, valideynlərin etibar etdiyi bir dövlət müəssisəsindən gedir. Belə bir qurumda rəhbərin davamlı şəkildə iş yerində olmaması idarəetmədə boşluq, kollektivdə isə qeyri-müəyyənlik yaradır.
Rəhbərlik yalnız vəzifə adı deyil, həm də məsuliyyətdir. Direktor müəssisədə nizam-intizamın qorunmasına, pedaqoji prosesin düzgün təşkilinə və uşaqların təhlükəsizliyinə birbaşa cavabdehdir. İşə gəlməməyə müxtəlif bəhanələr gətirilməsi isə problemi aradan qaldırmır, əksinə, kollektiv arasında narazılığı daha da artırır.
Kollektivin narazılığı olan yerdə sağlam iş mühiti formalaşa bilməz. Sağlam iş mühiti olmayan müəssisədə isə keyfiyyətli təhsil və düzgün tərbiyə prosesindən danışmaq çətindir. Bu isə ən çox uşaqlara təsir edir.
Aidiyyəti qurumların məsələni obyektiv araşdırması vacibdir. Əgər həqiqətən də davamiyyət və idarəetmə ilə bağlı nöqsanlar varsa, buna hüquqi və inzibati qiymət verilməlidir. Əks halda, dövlət müəssisələrində məsuliyyət prinsipi formal xarakter daşıyacaq.
Cəmiyyət haqlı olaraq sual edir: dövlət bağçasında rəhbər vəzifəsi daşıyan şəxs iş yerində olmayacaqsa, məsuliyyəti kim daşıyacaq? Bu sual cavabsız qalmamalıdır.





