
Tərtər rayonunun Buruc kəndində Cəfərov Tural Əmrah oğluna məxsus tövlədə istehlaka yararsız ümumi çəkisi 146,8 kq olan sümükdən ayrılmış at əti, həmçinin bir ədəd at başı və sümükləri aşkar edilib.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) Qarabağ regional bölməsi və Daxili İşlər Nazirliyinin (DİN) Tərtər RPŞ əməkdaşlarının birgə keçirdiyi reyd zamanı məlum olub ki, at əti kənd sakinləri Məmmədov Seymur Baloğlan oğlu və Cəfərli Həsən İntiqam oğlu tərəfindən tövləyə gətirilib, qəssab Quliyev Seyfəddin Arif oğlu ilə birlikdə kəsilib və paketlənib.
Onlar at ətini mal əti adı altında satmaq məqsədilə Bakı şəhərinə Cəfərov Elməddin Bulud oğluna göndərməyi planlaşdırıblar.
İstehlaka yararsız ət nümunələri götürülərək soyuducu anbarda saxlanılıb. Faktla bağlı araşdırmalar davam etdirilir.





