
Qanuntv.az xəbər verir ki, fevralın 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Ərəb Parlamentinin prezidenti Məhəmməd Əhməd Əl-Yammahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Görüşdə dövlət başçısı Azərbaycanın ərəb dünyasını təmsil edən ölkələrlə siyasi, iqtisadi və digər sahələrdə möhkəm əlaqələrinin olduğunu vurğulayıb, qarşılıqlı səfərlərin əlaqələrin daha da dərinləşdirilməsində rolunu qeyd edib. Prezident İlham Əliyev islam həmrəyliyinin gücləndirilməsinə verdiyi töhfələri və Bakıda keçirilmiş İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətini xüsusi qeyd edib.
Ərəb Parlamentinin prezidenti görüşdə Azərbaycanla Ermənistan arasında sülh prosesində əldə edilmiş irəliləyişləri təbrik edib, Prezident İlham Əliyevin regionda və dünyada sülhün təmin olunmasında rolunu yüksək qiymətləndirib. O, həmçinin ərəb dünyasının gündəliyində duran məsələlərdə, o cümlədən Fələstin məsələsində Azərbaycanın qətiyyətli mövqeyinə görə təşəkkürünü bildirib.
Görüş zamanı Azərbaycanın işğaldan azad edilmiş ərazilərində aparılan bərpa və quruculuq işləri, dağıdılmış mədəniyyət və dini abidələrin, o cümlədən məscidlərin bərpası məsələlərinə toxunulub. Həmçinin Azərbaycanla Ərəb Parlamentinin əməkdaşlığının perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.









