
ABŞ-ın MLS təmsilçisi “Kolumbus Kryu” klubu Azərbaycan millisinin futbolçusu Nəriman Axundzadənin transferini rəsmi şəkildə açıqlayıb.
Klubun rəsmi saytında yayılan məlumata görə, 22 yaşlı hücumçu ilə 2029-cu ilin iyun ayına qədər müqavilə imzalanıb. Bildirilib ki, futbolçu beynəlxalq transfer sertifikatını və vizasını aldıqdan sonra yeni komandasının düşərgəsinə qoşulacaq.
“Qarabağ” klubu da gənc forvardla yolların ayrıldığını rəsmən təsdiqləyib. Açıqlamada qeyd olunub ki, ABŞ təmsilçisi ilə aparılan danışıqlar uğurla yekunlaşıb və Nəriman Axundzadənin MLS klubuna keçidi ilə bağlı razılıq əldə edilib.
Qeyd edək ki, Nəriman Axundzadə Azərbaycan Premyer Liqasında 84 oyunda 24 qol vurub. O, “Qarabağ”ın heyətində 3 dəfə ölkə çempionu, 1 dəfə Azərbaycan Kubokunun qalibi olub.
Futbolçu Azərbaycanın U-19 və U-21 yığmalarında çıxış edib. O, əsas milli komandanın heyətində isə 13 oyuna çıxıb.





