
Sinay yarımadasının cənub hissəsində arxeoloqlar üzərində qədim qayaüstü təsvirlər olan böyük bir qaya aşkar ediblər. Tədqiqatçıların fikrincə, bu rəsmlərin yaşı 10 min ilə çatır.
Qanuntv.az xəbər verir ki, bu barədə Misirin Turizm və Qədim Əsərlər Nazirliyi məlumat yayıb. Nazirlik tapıntını “açıq səma altında təbii muzey” adlandırıb.
Məlumata görə, Umm-İrak yaylasının şərq yamacında yerləşən və uzunluğu 100 metrdən artıq olan qaya örtüyü oyma və çəkilmiş təsvirlərlə zəngindir. Burada heyvan fiqurları, ov səhnələri, silahlı insan təsvirləri, müxtəlif simvollar, eləcə də ərəb və nabati dillərində yazılar yer alır.
Bu sənət nümunələrinin tarixöncəsi dövrdən — təxminən 10 min ildən 5,5 min il əvvələ qədər olan mərhələdən başlayaraq daha sonrakı dövrlərə aid olduğu bildirilir.
Mütəxəssislərin fikrincə, kəşf Sinay ərazisində bir-birini əvəz etmiş sivilizasiyalar haqqında yeni məlumatlar əldə etməyə imkan verəcək. Arxeoloqlar vurğulayırlar ki, Umm-İrak yaylası minilliklər boyu burada yaşamış insanlar üçün müşahidə, toplanma və istirahət məkanı olub.
Qədim Əsərlər üzrə Ali Şuranın baş katibi doktor Hişam əl-Leysi bu ərazini son dövrdə aşkar edilmiş qayaüstü incəsənət obyektləri arasında ən mühüm məkanlardan biri kimi qiymətləndirib.
Onun sözlərinə görə, petroqliflərin xronoloji və texniki zənginliyi bu yaylanı tarixöncəsi dövrdən islam dövrünədək insanın bədii və simvolik dilinin inkişafını əks etdirən unikal açıq səma muzeyinə çevirir.





