Azərbaycan Respublikası Təhsil İnstitutu tərəfindən müəllimlərin işə qəbulu (MİQ) müsabiqəsinin riyaziyyat fənni üzrə 14 iyul 2022-ci il tarixində keçirilmiş imtahan nəticələrinin elmi statistik təhlili başa çatıb.
Bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Təhlil nəticələrinə əsasən qərara alınıb ki, müzakirəyə səbəb olan 3 sualın nəticəsi bütün iştirakçılar üçün ləğv edilir və namizədlərə 3 sualın hər biri üzrə 2 bal olmaqla, cəmdə 6 bal hesablanır.
Əlavə olaraq, baş verənlərlə əlaqədar riyaziyyat fənni üzrə namizədlərə könüllü əsasda təkrar imtahan vermək imkanı yaradılır.
Qeyd edək ki, təkrar imtahanda iştirak etmək istəyən namizədlər nəzərə almalıdırlar ki, bu halda onların 14 iyul 2022-ci il tarixində verdiyi imtahanın nəticəsi etibarsız sayılacaq və sonuncu imtahanda əldə etdikləri nəticə əsas götürüləcək.
Təkrar imtahanın keçirilmə tarixi, yeri və digər detalları haqda ətraflı məlumat yaxın zamanda paylaşılacaq.